İstifadə qaydaları
Bu qaydalar EmlakHub (emlakhub.az) platformasından istifadə şərtlərini müəyyən edir. Hesab yaratmaq üçün bu qaydaları qəbul etməlisiniz; hesabsız baxış zamanı da bu qaydalar tətbiq olunur.
1. Operator
- Operator
- saytın sahibi (fiziki şəxs)
- Ad, soyad, ata adı və e-poçt
- Haqqımızda → Saytın və domenin sahibi
- Sorğu və şikayətlər
- məlumat sorğusu formu
Platforma fiziki şəxs tərəfindən idarə olunur. “EmlakHub” saytın adıdır: o, qeydiyyatdan keçmiş şirkət, daşınmaz əmlak agentliyi və ya broker deyil. Operator sahibkarlıq subyekti kimi qeydiyyatda deyil; platforma hazırda pulsuzdur və gəlir əldə etmir.
2. Platforma nədir və nə deyil
- EmlakHub daşınmaz əmlak elanlarının dərc edildiyi, axtarıldığı və onlara 360° tur, xəritə və ətraf infrastruktur məlumatı ilə baxıldığı onlayn informasiya platformasıdır.
- Platformadan istifadə pulsuzdur. Hazırda sayt vasitəsilə heç bir ödəniş alınmır: abunə, elan yerləşdirmə haqqı, komissiya, kirayə haqqı və ya alqı-satqı ödənişi yoxdur. Ödənişli xidmət yaranarsa, şərtləri əvvəlcədən ayrıca dərc ediləcək.
- EmlakHub elanlarda göstərilən əmlakın sahibi, daşınmaz əmlak agentliyi və ya broker deyil, alqı-satqı və ya kirayə müqaviləsinin tərəfi deyil və tərəflər arasında pul qəbul etmir. Sövdələşmə barədə qərarı siz verirsiniz: sənədləri, mülkiyyət hüququnu və əmlakın vəziyyətini müqavilədən əvvəl özünüz yoxlayın; heç vaxt əmlakı görmədən və sənədləri yoxlamadan beh və ya ödəniş etməyin.
3. Hesab
- Hesab e-poçt və parolla (e-poçta göndərilən 6 rəqəmli kodla təsdiqlənir) və ya Google hesabı ilə yaradılır. Qeydiyyat üçün 18 yaşınız tamam olmalıdır.
- Qeydiyyatdan keçən hər kəs adi istifadəçi hüququ alır. İdarəetmə hüquqları qeydiyyat yolu ilə verilmir.
- Doğru məlumat göstərin, parolunuzu və iki mərhələli doğrulama kodlarınızı heç kimə verməyin. Hesabınızda baş verən fəaliyyətə görə siz cavabdehsiniz.
- Platforma əməkdaşları heç vaxt parolunuzu, təsdiq kodunuzu və ya bərpa kodlarınızı soruşmur.
- Hesabınızı istənilən vaxt Hesab → Təhlükəsizlik → “Hesabı sil” bölməsində silə bilərsiniz.
4. Elanlar
- Yalnız real, sizə məxsus olan və ya sahibinin icazəsi ilə təqdim etdiyiniz əmlak üçün elan yerləşdirin.
- Qiymət, ünvan, yerləşmə, sahə və digər göstəricilər doğru olmalıdır. Saxta, yanıldıcı və ya təkrarlanan elanlar qadağandır.
- Yalnız hüququnuz olan şəkillərdən istifadə edin; başqasının şəkli və ya süni yaradılmış şəkil real əmlak kimi təqdim edilə bilməz.
- Elanlar dərc olunmazdan əvvəl moderasiyadan keçir. Moderasiya elanın aşkar qaydalara uyğunluğunu yoxlayır, lakin əmlakın hüquqi vəziyyətini və elandakı hər məlumatın doğruluğunu təsdiq etmir. Platforma qaydalara uyğun olmayan elanı dərc etməmək və ya dərcdən çıxarmaq hüququnu saxlayır.
- Elan yerləşdirməklə elanın mətnini, şəkillərini və elanda göstərdiyiniz əlaqə məlumatlarını bu platformada göstərmək üçün icazə verirsiniz.
5. Xəritə, məsafələr və ətraf məlumatı
Xəritə və ətraf obyektlər OpenStreetMap məlumatlarına əsaslanır və natamam ola bilər. Məsafələr açıq şəkildə qeyd olunur: “düz xətt” məsafəsi piyada marşrut məsafəsi deyil. Bu məlumatlar istinad xarakterlidir.
6. Qadağan olunan hərəkətlər
- başqasının adından hesab yaratmaq və ya başqasının hesabından istifadə etmək;
- saytın təhlükəsizlik tədbirlərindən yan keçməyə, avtomatik vasitələrlə kütləvi sorğu göndərməyə və ya məlumat toplamağa cəhd etmək;
- spam, təhqiramiz, böhtan xarakterli, şəxsi həyatın toxunulmazlığını və ya əqli mülkiyyət hüquqlarını pozan və qanunla yayılması qadağan edilən digər məzmun yerləşdirmək.
Qaydalar pozulduqda elan dərcdən çıxarıla, hesab müvəqqəti və ya birdəfəlik bağlana bilər.
7. Qanunsuz məzmun barədə müraciət
Saytda yayılması qanunla qadağan edilən məlumat və ya hüquqlarınızı pozan elan gördünüzsə, elanın ünvanını və səbəbi yazın: Sorğunuzu məlumat sorğusu formu ilə göndərin və ya Haqqımızda səhifəsindəki e-poçt ünvanına yazın; cavab sizin göstərdiyiniz e-poçt ünvanına göndərilir. Mümkünsə hesabınıza bağlı e-poçt ünvanını yazın. Belə məlumat aşkar edildikdə və ya müraciət daxil olduqda saytdan götürülür və ya ona giriş məhdudlaşdırılır (“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.4-cü maddəsi).
8. Məsuliyyət
Operator platformanın qanunauyğun işləməsinə, elanların moderasiyasına, qanunsuz məzmunun müraciət əsasında götürülməsinə və şəxsi məlumatların bu qaydalarda və Məxfilik siyasətində yazıldığı kimi emalına cavabdehdir. Operator elanları yerləşdirən istifadəçilərin verdiyi məlumatların tam doğruluğuna və tərəflər arasındakı sövdələşmələrin nəticəsinə zəmanət vermir. Sayt texniki səbəblərdən müvəqqəti əlçatmaz ola bilər. Bu bölmə qanunla istisna edilə bilməyən məsuliyyəti məhdudlaşdırmır.
9. Şəxsi məlumatlar
Şəxsi məlumatların necə emal edildiyi Məxfilik siyasətində və Şəxsi məlumatların emalı səhifəsində izah olunur.
10. Tətbiq olunan hüquq və dəyişikliklər
Bu qaydalara Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunur. Qaydalar dəyişdikdə yenilənmə tarixi və versiya aşağıda göstərilir; əhəmiyyətli dəyişikliklər barədə saytda məlumat verilir.